Suriyadan 7-si qadın, 9-u uşaq olmaqla ümumilikdə 16 Azərbaycan vətəndaşı iyulun 18-19-da Azərbaycana repatriasiya edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, repatriasiya prosesi çərçivəsində ilk növbədə vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib.
Məlumata əsasən, xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına cavabdeh dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri bu məqsədlə Suriyaya ezam olunublar. Repatriasiya olunan şəxslərin ilkin tibbi və psixoloji müayinəsi də təmin edilib.
Qeyd olunub ki, Azərbaycanın Suriya və Türkiyədəki səfirlikləri, eləcə də İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən zəruri əlaqələndirmə işləri həyata keçirilib. Vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri və təyyarə biletləri ilə təmin olunaraq ölkəyə gətiriliblər.
XİN-in məlumatına görə, repatriasiya edilən şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Nazirlik vurğulayıb ki, Azərbaycan hökuməti xarici ölkələrdə silahlı münaqişələrin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının təhlükəsiz şəkildə vətənə qaytarılması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.