ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2001-ci il 11 sentyabr terror aktları ilə bağlı əvvəllər məxfi saxlanılan geniş həcmli məlumatları ictimaiyyətə açıqlayıb.
Abatv.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, məxfilikdən çıxarılan materiallar vaxtilə ABŞ prezidentinə təqdim edilmiş 71 kəşfiyyat məlumatının xülasəsindən ibarətdir.
Sənədlər 1998-ci ilin fevralından 2001-ci ilin sentyabrına qədər olan dövrü əhatə edir. Həmin illərdə ABŞ administrasiyasına əvvəlcə Bill Klinton, daha sonra isə Corc Buş rəhbərlik edib.
Açıqlanan sənədlərdə MKİ analitiklərinin həmin dövrdə terrorçu “Əl-Qaidə” qruplaşmasının yaratdığı təhlükəyə dair qiymətləndirmələrinin necə dəyişdiyi əks olunub. Materiallarda, həmçinin təşkilatın lideri Üsamə bin Ladenin fəaliyyəti və mümkün niyyətləri ilə bağlı ABŞ administrasiyasına edilən xəbərdarlıqlardan bəhs olunur.
Ümumilikdə 101 səhifəlik material ictimaiyyətə təqdim edilib. Sənədlərin müəyyən hissələri isə ixtisar olunaraq yayımlanıb.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” ilə əlaqəli 19 terrorçu ABŞ-də dörd sərnişin təyyarəsini ələ keçirib. İki təyyarə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qüllələrinə, üçüncü təyyarə Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpılıb. Dördüncü təyyarə isə ABŞ paytaxtına doğru hərəkət edərkən Şanksvill yaxınlığında qəzaya uğrayıb.
11 sentyabr terror aktları nəticəsində 2 977 nəfər həyatını itirib.