Qara dənizdə, Odessa limanı yaxınlığında heyətində Azərbaycan vətəndaşlarının da olduğu xarici yük gəmisinə dron hücumu nəticəsində iki azərbaycanlı dənizçi həlak olub, daha iki nəfər yaralanıb.
Abatv.az xəbər verir ki, hadisə sentyabrın 9-da baş verib.
Məlumata görə, Somali bayrağı altında üzən və “Mert Marine Corporation” şirkətinə məxsus “TEDY” adlı yedək gəmisinə səhər saatlarında dron hücumu edilib. Hücum zamanı gəmidə ümumilikdə 10 nəfərlik heyət olub. Onlardan 4-ü Azərbaycan, 3-ü Türkiyə, 2-si Almaniya, 1-i isə Ukrayna vətəndaşı olub.
Hadisədən sonra gəmi Konstansa limanına doğru hərəkət edərkən daha iki dron hücumuna məruz qalıb. Nəticədə Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həyatını itirib.
Digər azərbaycanlı dənizçilər İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıblar. Yaralılar Ukraynanın Çernomorsk şəhərində xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunurlar.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır.
Yaralı vətəndaşların müalicəsi başa çatdıqdan sonra Azərbaycana qaytarılması, həlak olanların cənazələri ilə bağlı prosedurların həyata keçirilməsi və zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində tədbirlər görülür.
XİN təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu və hərbi əməliyyatların davam etdiyi bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan, eləcə də belə marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə çağırıb.