Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərən 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya hökm oxunub.
“Qafqazinfo”nun məlumatına görə, işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə P.Bayramlı 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İstintaq zamanı müəyyən edilib ki, hadisədən bir neçə gün əvvəl Pərvizin həyat yoldaşı ilə aralarında mübahisə yaranıb və qadın atasının evinə gedib.
Bundan sonra Pərviz qayınatasının evinə gedərək qohumlarının gözü qarşısında həyat yoldaşına hücum edib. O, qadını yerə yıxaraq boğmağa başlayıb. Qadının huşsuz vəziyyətdə hərəkətsiz qaldığını görən P.Bayramlı onun öldüyünü düşünüb.
Hadisə nəticəsində qadının hər iki gözünün konyunktival qişasında qansızma, boynun ön hissəsində qançır və sağ said nahiyəsində sıyrıq xəsarətləri yaranıb.
Həyat yoldaşının nəfəs almadığını düşünən P.Bayramlı hadisə yerini tərk edərək polis şöbəsinə gedib və təslim olub. O, həyat yoldaşını öldürdüyünü bildirərək məsuliyyəti üzərinə götürüb.
Bu vaxt qadının anası təcili tibbi yardıma müraciət edib. Vaxtında göstərilən tibbi müdaxilə nəticəsində qadının həyatını xilas etmək mümkün olub.
Məhkəmənin hökmü ilə Pərviz Bayramlı törətdiyi cinayətə görə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.