“Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir”.
ABATV.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcər rayonunda keçirilən II Bal Festivalında çıxışı zamanı deyib.
H.Hacıyev çıxışında Kəlbəcərin işğal illərində yaşadığı ağır faciələrdən danışıb. O bildirib ki, 1993-cü ildə Kəlbəcər sakinləri doğma yurdlarından məcburi şəkildə çıxarılaraq böyük əzablarla Gəncə şəhərinə pənah gətiriblər.
Prezidentin köməkçisi həmin günləri uşaqlıq yaşlarında şahidi olduğu hadisələrlə bağlı xatırladığını qeyd edib:
“Doğma Kəlbəcərimizdə olmaq bizim hər birimiz üçün bu günlərdə böyük qürur hissidir. Mən 1993-cü ilin o qanlı-qadalı günlərini yaşım az olsa da, çox gözəl xatırlayıram. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, çörəksiz, qidasız ilk üz tutduqları yerlərdən biri Gəncə şəhəri idi”.
H.Hacıyev Kəlbəcərin uzun müddət mühasirədə saxlanıldığını vurğulayıb. Onun sözlərinə görə, Laçının işğalından sonra Kəlbəcərin əsas yollarından biri bağlanıb, rayon müxtəlif istiqamətlərdən mühasirəyə alınıb.
O, Kəlbəcərin işğalı zamanı baş vermiş Tunel faciəsini də xüsusi olaraq xatırladıb:
“Tunel faciəsini hələ də biz xatırlayırıq. Orada Kəlbəcərlilərə qarşı ağır divan tutuldu. Biz bunları unutmamalıyıq. Bunlar da bizim tariximizin bir hissəsidir”.
H.Hacıyev həmin dövrdə Kəlbəcər sakinlərinin, xüsusilə qadınların üzləşdiyi faciələrdən də danışıb və bu hadisələrin xalqımızın yaddaşında daim yaşadılmasının vacibliyini qeyd edib.
Prezidentin köməkçisi bildirib ki, bütün bu ağrılı hadisələr artıq keçmişdə qalıb və bu gün Kəlbəcər yeni inkişaf mərhələsinə qədəm qoyub.
O, uşaqlıq illərində Kəlbəcərdə olmadığını, Kəlbəcərli dostlarından rayonun təbiəti və gözəlliyi barədə eşitdiyini deyib:
“Mənə nəsib olmamışdı uşaqlıq illərində Kəlbəcərdə olum. Həmişə Kəlbəcərli dostlarımız Kəlbəcərin gözəlliyindən danışırdılar. Təsəvvür edirdim, amma belə gözəl olduğunu həqiqətən təsəvvür də edə bilmirdim. Kəlbəcər çox gözəldir”.
H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
“Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da Prezident İlham Əliyevin siyasəti nəticəsində burada daha da böyük işlər görüləcəkdir”, – deyə H.Hacıyev bildirib.