Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı təxminən 3600 il əvvələ aid maraqlı tapıntı aşkar edilib.
Abatv.az xəbər verir ki, Şəkinin Daşüz ərazisində yerləşən 4 saylı kurqanda aparılan arxeoloji qazıntılar zamanı üçayaqlı gil samovar aşkarlanıb.
Arxeoloq Tufan Axundovun araşdırmalarına əsasən, tapıntı eramızdan əvvəl təxminən 1600-cü ilə aid edilir. Gil qabın forma və hazırlanma texnologiyası müasir dövrdə istifadə olunan samovarları xatırladır.
Mütəxəssislərin fikrincə, bu nadir arxeoloji tapıntı Azərbaycanda qədim dövrlərdə məişət mədəniyyətinin inkişaf səviyyəsi barədə mühüm məlumat verir.
Maraqlı tapıntı 3600 il əvvəl bu ərazidə yaşayan insanların məişətində mayelərin qızdırılması üçün xüsusi qurğulardan istifadə etdiyini göstərən nümunələrdən biri hesab olunur.
Qədim gil samovar hazırda Azərbaycanın arxeoloji irsi baxımından diqqətçəkən tapıntılardan biri kimi qiymətləndirilir.


