Gəncə şəhərinin bir sıra ərazilərində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılıb.
ABATV.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 12-də şəhərin Avtovağzal ərazisinə yaxın hissəsində yerləşən tuneldə yüksəkgərginlikli elektrik naqillərində və onların üzərindəki şitdə yanğın baş verib.
Texniki təhlükəsizlik tədbirləri çərçivəsində “Avtozavod”, “Sənaye” və “Şəhər-1” ortatəzyiqli qaz xətlərindən qaz təchizatı məhdudlaşdırılıb.
Məlumata görə, tuneldə yanğın tam söndürüldükdən sonra hadisə şəraiti qiymətləndiriləcək və qaz təchizatının bərpası üçün zəruri maddi-texniki və əmək resursları hadisə yerinə cəlb olunacaq.