
Xocalı rayonunun Şuşakənd kəndində uzun illərdən sonra dünyaya gələn ilk körpə sakinlərə böyük sevinc yaşadıb.
Abatv.az xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin yaydığı məlumata görə, Hüseynovlar ailəsində oğlan övladı dünyaya gəlib.
Boyu 50 santimetr, çəkisi 2 kiloqram 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb.
Körpəyə Mustafa Kamal adı verilib. O, Şuşakənd sakini Şamil Hüseynovun ikinci övladıdır. Onun dünyaya gəlməsi uzun illərdən sonra yenidən həyatın canlandığı Şuşakənd üçün əlamətdar hadisə kimi qiymətləndirilir.
Bildirilib ki, bu sevinc təkcə Hüseynovlar ailəsinin deyil, doğma torpaqlarına qayıdan bütün Şuşakənd sakinlərinin sevincidir. Hadisə Böyük Qayıdış proqramı çərçivəsində bölgədə həyatın bərpa olunduğunu, davamlı məskunlaşmanın uğurla davam etdiyini göstərən rəmzi hadisələrdən biri hesab olunur.