Bu gün saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinə başlanılıb.
Abatv.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, vakansiya seçimi mərhələsində ilkin olaraq test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə vakant yerləri seçmək imkanı yaradılıb.
Namizədlər elektron ərizə formalarında maksimum səkkiz vakant yer seçə bilərlər. Vakant vəzifələrə yerləşdirmə namizədin ərizədə göstərdiyi seçim ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.
MÜTDA qeyd edib ki, vakant yer tutduqdan sonra həmin yerdən imtina edən namizədlər növbəti vakansiya seçimi mərhələlərində iştirak hüququnu itirəcəklər.
Məlumata görə, növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu təşkil olunacaq. Həmin mərhələlərin tarixləri barədə əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi avqustun 6-sı saat 11:00-dək davam edəcək.