Prezident İlham Əliyevin sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin edilib.
Abatv.az xəbər verir ki, yeni nazir Anar Bayramov 1975-ci ildə anadan olub.
O, Azərbaycan Tibb Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.
Anar Bayramov 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, eləcə də nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. O, müxtəlif dövrlərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsini də tutub.
Onun fəaliyyəti müxtəlif ictimai və peşəkar qurumlarla da bağlı olub. Belə ki, 2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012–2017-ci illərdə isə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti vəzifələrində çalışıb.
Anar Bayramov 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin sədri, 2025-ci ildən isə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.
Səhiyyə naziri vəzifəsinə təyin olunmazdan əvvəl Anar Bayramov TƏBİB-in icraçı direktoru vəzifəsində çalışıb.