14-18 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarında bəzi fənlər üzrə test tapşırıqlarında qiymətləndirməyə təsir edən uyğunsuzluqlar müəyyən edilib və nəticələr namizədlərin xeyrinə yenilənib.
Abatv.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Məlumata görə, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları 35 imtahan mərkəzində təşkil olunub. İmtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi isə 96 faiz təşkil edib.
Qeyd olunub ki, imtahanlar başa çatdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən araşdırılıb. Təhlillər nəticəsində biologiya fənni üzrə 1, coğrafiya fənni üzrə 1, rus dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1, rus bölməsində isə 3, musiqi fənni üzrə rus bölməsində isə 1 test tapşırığında qiymətləndirməyə təsir edən uyğunsuzluq aşkar edilib.
Təhsil İnstitutu bildirib ki, müəyyən edilən səhvlər nəzərə alınaraq həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə bütün namizədlərin xeyrinə hesablanıb.
Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələri yoxlaya bilərlər.