03 sentyabr 2026-cı il tarixində Xətai rayonunda Azərbaycan musiqi və estrada sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Niyaməddin Musayevlə görüş keçirilib.
Abatv.az xəbər verir ki, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində keçirilən tədbir “Qonağımız var” layihəsi çərçivəsində təşkil olunub.
Tədbir Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Görüş Azərbaycanın tanınmış sənətkarı, Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunub. Tədbirdə sənətkarın Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə estrada sənətinin inkişafındakı çoxillik xidmətləri, zəngin yaradıcılıq fəaliyyəti və milli musiqi sənətinə verdiyi töhfələr diqqətə çatdırılıb.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Ziyad Səmədzadə, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, rayonun ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də ictimaiyyətin müxtəlif təbəqələrindən olan şəxslər iştirak ediblər.
Yubiley tədbirində, həmçinin Əməkdar artistlər Könül Kərimova və Nüşabə Ələsgərli, bəstəkar-müğənni Cabbar Nusayev, “Buta” rəqs qrupu və digər sənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Niyaməddin Musayevin Azərbaycan estrada musiqisinin formalaşması və inkişafında xüsusi xidmətləri olduğu vurğulanıb. Bildirilib ki, sənətkar uzun illər ərzində özünəməxsus ifa tərzi, səhnə mədəniyyəti və yaradıcılıq üslubu ilə Azərbaycan musiqi sənətində seçilən mövqeyə sahib olub.
Qeyd olunub ki, Niyaməddin Musayevin ifasında səslənən bir sıra mahnılar uzun illərdir dinləyicilər tərəfindən böyük sevgi ilə qarşılanır. Onun repertuarında yer alan əsərlər müxtəlif nəsillərin musiqi zövqündə özünəməxsus iz buraxıb və Azərbaycan estrada musiqisinin yadda qalan nümunələri sırasında yer alıb.
Tədbirdə çıxış edənlər Xalq artistinin yaradıcılıq yolunun Azərbaycan mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirərək, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıblar.
Görüş çərçivəsində Niyaməddin Musayevin sənət fəaliyyətinin müxtəlif mərhələlərinə nəzər salınıb, onun Azərbaycan musiqisinə bəxş etdiyi dəyərli əsərlərin əhəmiyyətindən danışılıb. Sənətkarın yaradıcılığının gənc nəsil üçün də mühüm örnək olduğu diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsi də xüsusi maraq doğurub. “Buta” rəqs qrupunun təqdim etdiyi çıxışlar, tanınmış sənətçilərin iştirakı və musiqi nömrələri yubiley görüşünə xüsusi rəng qatıb.
Görüşün sonunda gecənin əsas qəhrəmanı – Xalq artisti Niyaməddin Musayev səhnəyə çıxaraq repertuarından sevilən mahnıları ifa edib. Sənətkarın canlı ifası tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
85 illik yubileyinin qeyd olunması münasibətilə Niyaməddin Musayevə göstərilən diqqət və ehtiram onun Azərbaycan mədəniyyətinə uzun illər ərzində verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin daha bir nümunəsi olub.
“Qonağımız var” layihəsi çərçivəsində keçirilən bu görüş həm sənətkarın zəngin yaradıcılıq irsinə ehtiramın ifadəsi, həm də Azərbaycan musiqi mədəniyyətinin tanıdılması və təbliği baxımından əlamətdar tədbir kimi yadda qalıb.















