
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnaməni səs çoxluğu ilə dəstəkləyib.
Abatv.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məlumata görə, qətnamənin lehinə 214, əleyhinə isə 208 konqresmen səs verib. Sənəddə ABŞ Prezidenti Donald Trampa ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda iştirakının dayandırılması çağırışı edilir. Qətnamə, eyni zamanda, mümkün quru əməliyyatlarının keçirilməsinə qarşı mövqeni əks etdirir.
Bununla belə, qəbul edilən sənəd hüquqi baxımdan icbari qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır. ABŞ qanunvericiliyinə əsasən, bu cür qətnamələr Konqres üzvlərinin siyasi mövqeyini ifadə edir və administrasiya onları icra etməyə hüquqi cəhətdən məcbur deyil.
Məlumatda qeyd olunur ki, yaxın saatlarda oxşar məzmunlu qətnamənin ABŞ Senatında da səsverməyə çıxarılması istisna edilmir.
Qeyd edək ki, son dövrlər ABŞ və İran arasında artan gərginlik fonunda Vaşinqtonda hərbi əməliyyatların gələcəyi ilə bağlı siyasi müzakirələr daha da intensiv xarakter alıb.