Bakıda birgə kirayədə yaşadığı iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə əvvəlcə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müşavirədən sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, Hüseyn Həsənov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham materiallarına əsasən, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində baş verib. Birgə kirayədə yaşayan iş yoldaşları Hüseyn Həsənov və Zəfər Məmmədov arasında yaranan mübahisə zamanı tərəflər bir-birinə qarşı qeyri-etik ifadələr işlədiblər. Mübahisənin gedişində Hüseyn Həsənov Zəfər Məmmədova 23 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Hadisədən sonra istifadə etdiyi bıçağı qonşunun həyətinə atan təqsirləndirilən şəxsin daha sonra evi yandırmağa cəhd etdiyi də istintaqla müəyyən edilib.
Hüseyn Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə yekun ittiham irəli sürülüb.