27 iyul - 2 avqust tarixlərində Bakıda təşkil olunacaq güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb.
Abatv.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda 663 idmançı, 272 məşqçi və 64 beynəlxalq hakim iştirak edəcək. Ümumilikdə dünya çempionatı ilə əlaqədar 1 100-dən çox xarici qonağın Azərbaycana gələcəyi gözlənilir.
Məlumata görə, bu dünya çempionatı iştirakçı idmançıların sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son səkkiz ilin ən yüksək göstəricisi kimi tarixə düşəcək.
Bir həftə davam edəcək yarışda gələcəyin güləş ulduzları sərbəst, yunan-Roma və qadın güləşi növləri üzrə dünya çempionluğu uğrunda mübarizə aparacaqlar.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, yarışın yüksək səviyyədə təşkili məqsədilə bütün zəruri hazırlıq işləri həyata keçirilir və iştirakçıların rahatlığı üçün lazımi tədbirlər görülüb.
Qeyd edək ki, U17 dünya çempionatı Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi baxımından mühüm əhəmiyyət daşıyır və ölkəmizin idman nüfuzunun daha da artmasına töhfə verəcək.