Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovla görüş keçirib.
Görüş zamanı tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqun və yüksək səviyyəli qarşılıqlı təmasların əhəmiyyətini vurğulayaraq, ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Müzakirələr zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Tərəflər bu istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin hər iki ölkə üçün əhəmiyyətini qeyd ediblər.
Görüşdə, həmçinin dəyişən regional və beynəlxalq təhlükəsizlik mühiti, mövcud geosiyasi proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə davamlı təmasların və praktiki əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

