Qazaxıstan neftinin ixracında mühüm rol oynayan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Rusiyanın Novorossiysk şəhəri yaxınlığında yerləşən dəniz terminalında iki neft tankeri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Məlumata görə, hücum yükləmə əməliyyatları zamanı baş verib. Hadisədən sonra təhlükəsizlik məqsədilə terminalda neft yükləmə prosesi müvəqqəti dayandırılıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Hücumun vurduğu ziyanın həcmi və digər təfərrüatlar aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin böyük hissəsini dünya bazarına daşıyan əsas ixrac marşrutlarından biridir. Terminalda fəaliyyətin müvəqqəti dayandırılması neft tədarükünə təsir göstərə biləcək hadisə kimi qiymətləndirilir.