
Serbiyanın Prahovo yaşayış məntəqəsi yaxınlığında Dunay çayının su səviyyəsinin kəskin azalması nəticəsində İkinci Dünya müharibəsi dövrünə aid batırılmış alman hərbi gəmiləri yenidən görünməyə başlayıb.
Abatv.az xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, Avropada müşahidə olunan isti hava və quraqlıq səbəbindən Dunay çayında suyun səviyyəsi rekord həddə enib. Bu isə uzun illər çayın dibində qalan hərbi gəmilərin suyun üzərinə çıxmasına səbəb olub.
Məlumata əsasən, aprel ayınadək mütəxəssislər çayın dibindən yeddi gəmini çıxarıblar, səkkizinci gəminin çıxarılması istiqamətində isə hazırlıq işləri davam etdirilir. Əməliyyatlardan əvvəl gəmi qalıqları dalğıclar və istehkamçılar tərəfindən yoxlanılır. Çünki onların daxilində mina və digər partlamamış sursatların qalması ehtimalı mövcuddur.
Bəzi iri gəmi qalıqları tam şəkildə çıxarılmayıb. Onlar ya hissələrə bölünüb, ya da gəmiçiliyə mane olmaması üçün çayın daha dərin hissələrinə köçürülüb.
Bildirilir ki, Prahovo yaxınlığında Dunay çayının təmizlənməsi layihəsi üçün Avropa Komissiyası 16,5 milyon avro, Avropa İnvestisiya Bankı isə əlavə olaraq təxminən 14 milyon avro maliyyə ayırıb. Layihənin ilk mərhələsində 21 gəminin çıxarılması nəzərdə tutulur. Mütəxəssislər həmin ərazidə ümumilikdə 200-ə yaxın batmış gəminin qalıqlarının ola biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, sözügedən gəmilər Almaniya hərbi donanmasına məxsus olub. Onlar 1944-cü ildə sovet ordusunun əlinə keçməməsi üçün Almaniya qoşunları tərəfindən geri çəkilərkən qəsdən batırılıb.