Bakıda ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım atılıb. İyulun 28-dən Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə birləşdirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayıb.
AbaTV.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, marşrut üzrə "Neoplan" markalı yeddi ədəd iritutumlu avtobus hər gün saat 06:30-dan 21:00-dək sərnişinlərə xidmət göstərəcək. Avtobuslar xətt üzrə 30 dəqiqəlik hərəkət intervalı ilə fəaliyyət göstərəcək.
Bildirilib ki, yeni ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.
Qeyd olunub ki, avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gediş haqqı 1,5 AZN olaraq müəyyən edilib.