Abşeron rayonunun və Bakının Sabunçu rayonunun bir sıra yaşayış məntəqələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.
AbaTV.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, qəzalı su xəttinin yenisi ilə əvəz olunması ilə əlaqədar Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil, Corat bağ massivi, eləcə də Bakının Sabunçu rayonunun Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.
Məlumata əsasən, su təchizatında fasilə 28 iyul səhər saatlarından 30 iyul günorta saatlarınadək davam edəcək.
Qurum abonentlərdən yaranacaq narahatlığı nəzərə alaraq əvvəlcədən zəruri su ehtiyatı toplamalarını tövsiyə edib.