Ali təhsil müəssisələrinə qəbul üzrə keçid ballarında bu il ciddi dəyişiklik gözlənilmir.
Abatv.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ən yüksək rəqabət ənənəvi olaraq IV ixtisas qrupu, xüsusilə tibb ixtisaslarını seçən abituriyentlər arasında müşahidə olunacaq. Vəfadar Misirov qeyd edib ki, əsas mübarizə 600 və daha yuxarı bal toplayan abituriyentlər arasında gedəcək.
DİM rəsmisi vurğulayıb ki, plan yerlərində və keçid ballarında ötən illə müqayisədə ciddi dəyişiklik gözlənilmir. Yalnız bəzi ixtisaslar üzrə kiçik bal fərqləri yarana bilər.
O əlavə edib ki, "Ali təhsil müəssisələrinin sərgisi" çərçivəsində abituriyentlər üç gün ərzində peşə seçimi ilə bağlı psixoloji testlərdən ödənişsiz yararlana, həmçinin psixoloqlardan fərdi məsləhətlər ala biləcəklər.