Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər edilib.
Abatv.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.
Bildirilib ki, dəyişikliklər "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində həyata keçirilib və yerüstü nəqliyyatda avtonom texnologiyaların tətbiqi üçün normativ-hüquqi əsasların yaradılmasını nəzərdə tutur.
Yeni qanunvericiliyə əsasən, ilk dəfə olaraq "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" anlayışları hüquqi status qazanıb. Bununla yanaşı, yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri də müəyyən edilib.
Dəyişikliklər nəticəsində xüsusi marşrutlarda hərəkət edən sürücüsüz avtobusların, sürücüsüz metro qatarlarının, logistika mərkəzləri və sənaye zonalarında fəaliyyət göstərəcək avtonom yük nəqliyyat vasitələrinin, eləcə də uzaqdan idarə olunan tramvay və dəmir yolu sistemlərinin qanuni əsaslarla istismarı mümkün olacaq.
Qanuna əsasən, avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən və səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istifadəyə buraxıldıqdan sonra fəaliyyət göstərə biləcək. Onların işinə xüsusi şəhadətnaməyə malik operatorlar məsafədən idarəetmə mərkəzləri vasitəsilə nəzarət edəcəklər.
Həmçinin avtonom nəqliyyat vasitələrinin xüsusi test mühitində sınaqdan keçirilməsi, məlumatların real vaxt rejimində dövlət informasiya sistemlərinə ötürülməsi və ən azı altı ay müddətində saxlanılması tələb olunacaq.
Yeniliklərdən biri də avtonom nəqliyyat vasitələrinin digər nəqliyyat vasitələrindən fərqləndirilməsi üçün xüsusi "Avtonom nəqliyyat vasitəsi" tanınma nişanının tətbiq edilməsidir.
Qeyd edək ki, sürücüsüz nəqliyyat texnologiyaları artıq Çin, BƏƏ və ABŞ kimi ölkələrdə sınaq və istismar mərhələsində tətbiq olunur.