Azərbaycanda avtonom (pilotsuz) uçuş aparatlarının hüquqi statusu müəyyənləşdirilib və onların istismarı ilə bağlı yeni tələblər təsdiqlənib.
Abatv.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Məlikov Oxu.Az-a müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərin əsas məqsədi sürətlə inkişaf edən avtonom pilotsuz uçuş aparatlarının hüquqi statusunu müəyyənləşdirmək, onların istismar qaydalarını tənzimləmək və uçuş təhlükəsizliyini təmin etməkdir.
Bəhruz Məlikov bildirib ki, qanunvericiliyə ilk dəfə olaraq "avtonom pilotsuz uçuş aparatı", "avtonom pilotsuz uçuş aparatının operatoru" və "məsafədən idarəetmə mərkəzi" anlayışları daxil edilib. Bu dəyişikliklər müasir aviasiya texnologiyalarının hüquqi əsaslarla tənzimlənməsinə imkan yaradacaq.
Qeyd olunub ki, yeni qaydalara əsasən, avtonom uçuş aparatlarının istismarı yalnız müvafiq qeydiyyat sertifikatı və istismarçı sertifikatı və ya əməliyyat icazəsi əsasında mümkün olacaq. Məqsəd bu fəaliyyətin təhlükəsiz və tam nəzarət altında həyata keçirilməsini təmin etməkdir.
Müsahibədə bildirilib ki, avtomatlaşdırmanın müxtəlif səviyyələri də qanunvericilikdə öz əksini tapıb. Yüksək avtomatlaşdırma səviyyəsində sistem uçuşun idarə olunmasını və qərarvermə proseslərini həyata keçirsə də, ümumi məsuliyyət operatorun üzərində qalacaq. Tam avtomatlaşdırma səviyyəsində isə bütün proseslər insan müdaxiləsi olmadan sistem tərəfindən idarə ediləcək.
Yeni tələblərə əsasən, operatorlar avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə daimi nəzarət etməli, həyata keçirilən əməliyyatlara dair məlumatları ən azı 6 ay müddətində saxlamalı və onların təhlükəsizliyini təmin etməlidirlər.
Bundan əlavə, avtonom pilotsuz uçuş aparatlarının yalnız xüsusi müəyyən edilmiş coğrafi zonalarda və müvafiq uçuşların idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi əsasında istismarına icazə veriləcək. Bu mexanizmin hava məkanında təhlükəsizliyin artırılmasına və uçuşların koordinasiyasının gücləndirilməsinə xidmət etdiyi bildirilib.
Nəzarət olunan hava məkanında uçuş həyata keçirmək istəyən istismarçılar isə uçuşdan ən azı 3 saat əvvəl elektron qaydada aidiyyəti quruma uçuş barədə məlumat təqdim etməlidirlər. Təqdim ediləcək məlumatlara qeydiyyat sertifikatının nömrəsi, uçuşun başlanma və başa çatma vaxtı, əməliyyatın xüsusiyyətləri, eləcə də istismarçı sertifikatı və ya əməliyyat icazəsinin surəti daxildir.
Bəhruz Məlikov vurğulayıb ki, qanunvericilikdə edilən dəyişikliklər Azərbaycanın rəqəmsal transformasiya və innovasiya siyasətinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, yeni hüquqi baza mülki aviasiyada təhlükəsizlik və məsuliyyət mexanizmlərini gücləndirməklə yanaşı, innovativ texnologiyaların tətbiqinə və ölkənin bu sahədə beynəlxalq standartlara uyğun inkişafına mühüm töhfə verəcək.