Belçikada yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanlığının (SHAPE) qərargahında casusluq şübhəsi ilə çinəsilli Kanada vətəndaşı saxlanılıb.
Məlumata görə, qadın üçüncü ölkənin xeyrinə casusluq etməkdə və cinayətkar təşkilatda iştirakda şübhəli bilinir. Onun qərargahda təcrübəçi kimi fəaliyyət göstərdiyi bildirilsə də, konkret hansı vəzifəni icra etdiyi açıqlanmayıb.
Hadisə ilə bağlı Belçika Federal Prokurorluğu dərhal məlumatlandırılıb. İstintaqın aparılması Şarlerua şəhərinin Federal Məhkəmə Polisinə həvalə edilib.
Fakt üzrə casusluq və cinayətkar təşkilatda iştirak maddələri ilə cinayət işi başlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxsin yaşadığı ünvanda və iş yerində axtarışlar aparılıb.
Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.