Almaniyanın paytaxtı Berlində keçirilən Christopher Street Day (CSD) tədbiri zamanı ağır insident baş verib. İzdihamın olduğu əraziyə avtomobilin daxil olması nəticəsində 1 nəfər ölüb, azı 17 nəfər yaralanıb.
Abatv.az xəbər verir ki, hadisə şəhərin mərkəzində, Tierqarten parkı yaxınlığında qeydə alınıb. Yaralılardan səkkizinin vəziyyətinin ağır, bir neçəsinin isə həyati təhlükəsinin olduğu bildirilir.
Məlumata görə, avtomobil insanları vurduqdan sonra ağaca çırpılaraq dayanıb. Sürücü isə hadisə yerindən qaçıb. Almaniya polisi onun şəxsiyyətini müəyyənləşdirdiyini və saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirdiyini açıqlayıb.
Hadisədən sonra təhlükəsizlik məqsədilə tədbir vaxtından əvvəl dayandırılıb, ərazi polis tərəfindən mühasirəyə alınıb. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım və xilasedici briqadalar cəlb olunub.
İlkin məlumatlara görə, hüquq-mühafizə orqanları hadisənin mümkün motivlərini araşdırır. Rəsmi qurumlar hələlik insidenti terror aktı kimi qiymətləndirməsələr də, istintaq bütün ehtimallar üzrə davam etdirilir.