Rusiyanın Tatarıstan Respublikasında poçt şöbəsinin əməkdaşı külli miqdarda pul mənimsəməkdə və cinayətin izlərini gizlətmək məqsədilə şöbəni yandırmağa cəhddə şübhəli bilinir.
AbaTV.az xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, Tatarıstan Prokurorluğu Yelabuqa şəhərində baş verən hadisə ilə bağlı xüsusilə külli miqdarda oğurluq faktı üzrə cinayət işinin başlanmasını qanuni hesab edib və istintaqın gedişini nəzarətə götürüb.
İstintaqın versiyasına əsasən, qadın 2022-ci ilin yazından 2026-cı ilin iyul ayınadək işlədiyi poçt şöbəsinin kassalarından mütəmadi şəkildə pul mənimsəyib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, çatışmayan vəsaitin ümumi məbləği 61 milyon rubldan çoxdur.
Məlumata görə, şübhəli şəxs mənimsədiyi pulları şəxsi ehtiyaclarına xərcləyib. Daha sonra isə cinayətin izlərini ört-basdır etmək və hadisəni bədbəxt hadisə kimi qələmə vermək məqsədilə poçt şöbəsini yandırmağa cəhd göstərib. Lakin yanğının qarşısı vaxtında alındığından planı baş tutmayıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Prokurorluğun təqdimatı əsasında qadın barəsində həbs qətimkan tədbiri seçilib.