“Dostum və çox hörmət etdiyim insan, Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə mən və Gürcüstan nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəldik və ölkənin prokurorluğunda olduq”.
Abatv.az xəbər verir ki, bu sözləri Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze Azərbaycana səfəri çərçivəsində deyib.
Gürcüstanın baş prokuroru dəvətə görə Azərbaycanın Baş prokuroru Kamran Əliyevə təşəkkürünü bildirib.
“Bizim çox yaxın münasibətlərimiz var. Ölkələrimiz arasında yaxın əməkdaşlıq mövcuddur və bizim dostluğumuz iki ölkə arasında uğurlu əməkdaşlığa öz töhfəsini verir”, – deyə Giorgi Qvarakidze qeyd edib.
O bildirib ki, rəsmi səfər çərçivəsində keçirilən görüşlər zamanı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb və bu müzakirələr Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın daha da inkişafına xidmət edir.
Giorgi Qvarakidze həm əməkdaşlıq, həm də beynəlxalq hüquqi yardım sahəsində iki ölkənin uğurlu nəticələr əldə etdiyini vurğulayıb.
“Bu cür səfərlər iki ölkə arasında hüquq-mühafizə orqanları və hüquq sahəsində əməkdaşlığa böyük töhfələr verir. Bir daha Kamran müəllimə dəvəti üçün təşəkkür edirəm”, – deyə Gürcüstanın baş prokuroru bildirib.
O əlavə edib ki, Azərbaycan və Gürcüstan prokurorluqları arasında keçirilən bu cür görüşlər hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmlənməsinə, eləcə də iki xalq arasında dostluq münasibətlərinin daha da inkişafına mühüm töhfə verir.