Ukraynanın Kramatorsk şəhərinə Rusiya ordusunun endirdiyi raket və dron zərbələri nəticəsində burada yaşayan bir neçə azərbaycanlı zərər çəkib.
Abatv.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərdən biri Kramatorskda Azərbaycan diasporunun rəhbəri Mübariz Rüstəmovdur. Ona məxsus 500 kvadratmetrlik ticarət obyekti, eləcə də obyektə aid avtomobillər raket və dron zərbələri nəticəsində tamamilə məhv olub.
Aviazərbələr zamanı şəhərdə yaşayan digər azərbaycanlı, 1960-cı il təvəllüdlü Niyyətulla İsmayılovun evi ciddi zərər görüb. O, hücum zamanı yaralanıb, avtomobili isə istifadəyə yararsız vəziyyətə düşüb.
Kramatorsk sakini Həsən Məmmədovun yaşadığı ev də dron zərbələri nəticəsində yararsız hala gəlib.
Qeyd edək ki, Donetsk vilayətində yerləşən və Ukraynanın nəzarətində olan Kramatorsk şəhəri son dövrlər intensiv raket və dron hücumlarına məruz qalır.