Tovuz rayonunda fərdi yaşayış evində baş verən yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib.
Hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
İlkin məlumata görə, ildırım çaxmasından sonra kənd sakini İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində elektrik naqillərində qısaqapanma baş verib. Nəticədə evdə yanğın başlayıb. Yanğın baş verən zaman evdə heç kəs olmayıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri alovu qısa müddətdə nəzarətə götürərək onun ətraf ərazilərə yayılmasının qarşısını alıblar.
Yanğın nəticəsində evin birinci mərtəbəsində yerləşən mətbəx və zal tamamilə yanıb, məişət avadanlıqları yararsız vəziyyətə düşüb.
Alovun söndürülməsinə kömək edən qonşular arasında 10 nəfərə yaxın şəxs tüstüdən zəhərlənərək Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.