
Rusiya Federasiyasında xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə SIM-kart satışı ilə bağlı yeni qaydalar qüvvəyə minir.
Abatv.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, 2026-cı il avqustun 6-dan etibarən cihazın IMEI-kodu göstərilmədən və ya müqaviləyə qəsdən yanlış məlumatlar daxil edilməklə rabitə xidmətlərinin göstərilməsi barədə müqavilələrin bağlanmasına görə cinayət məsuliyyəti tətbiq olunacaq.
Yeni qanuna əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə müqavilə bağlanarkən qanunvericiliyin tələblərinin pozulması cinayət məsuliyyəti yaradacaq.
Vyaçeslav Volodin qeyd edib ki, bu dəyişikliklər miqrantlara istifadə edəcəkləri mobil telefonun IMEI-kodu göstərilmədən SIM-kart satılmasının və ya müqavilələrdə saxta məlumatlardan istifadənin qarşısını almağa yönəlib.
Onun sözlərinə görə, qaydaları pozan şəxsləri 500 min rubla qədər cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumata görə, yeni tələblər mobil cihazların IMEI kodları üzrə vahid məlumat bazasının yaradılmasını nəzərdə tutan "Antifrod 2.0" layihəsinin tərkib hissəsidir. Bu baza rabitə operatorları və dövlət qurumları tərəfindən formalaşdırılacaq və dələduzluq məqsədilə istifadə olunan SIM-kartların aşkarlanmasına xidmət edəcək.
Qeyd edək ki, Rusiyada 2025-ci ilin əvvəlindən etibarən əcnəbilərin SIM-kart əldə etməsi prosesi də sərtləşdirilib. Yeni qaydalara əsasən, bir nəfərin adına korporativ nömrələr də daxil olmaqla maksimum 10 telefon nömrəsi rəsmiləşdirilə bilər. Müqavilənin bağlanması üçün isə SNİLS, "Qosusluqi" portalında qeydiyyat və biometrik məlumatlarla şəxsiyyətin təsdiqi tələb olunur.