Türkiyə Böyük Millət Məclisi PKK terror təşkilatının tərk-silah edilməsi prosesinin hüquqi əsaslarını müəyyən edən qanun layihəsini səs çoxluğu ilə qəbul edib.
ABATV.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, sənəd 12 saat davam edən müzakirələrdən və maddələr üzrə səsvermədən sonra qəbul olunub.
Qanun layihəsinin lehinə 460 deputat, əleyhinə isə 87 deputat səs verib. Yeddi millət vəkili bitərəf qalıb.
Təxminən 360 deputatın imzaladığı qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən parlamentə təqdim edilib.
12 maddədən ibarət sənəd PKK-nın buraxılması və tərk-silah edilməsi prosesinin hüquqi bazasını formalaşdırır.
Qanun layihəsi Türkiyə Prezidenti tərəfindən imzalandıqdan və ölkənin rəsmi hökumət qəzeti olan “Resmi Gazete”də dərc edildikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, PKK-nın buraxılması və tərk-silah edilməsi prosesinə 2025-ci ilin fevralında başlanılıb.