Şəki rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin son vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 1998-ci il təvəllüdlü kişi 26 iyul 2026-cı il tarixində saat 01:40 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Müayinələr zamanı ona təpə nahiyəsinin hematoması, mil-bilək oynağının travması və müxtəlif sıyrılmış yaralar diaqnozları qoyulub. Yaralıya zəruri tibbi yardım göstərilib.
TƏBİB-in məlumatına əsasən, hazırda vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə iyulun 25-də saat 22:00 radələrində Şəki rayonunun Baş Göynük kəndi ərazisində baş verib. İlkin məlumata görə, rayon sakini Fərhad Qürbətlinin idarə etdiyi "Mercedes" markalı avtomobil piyadalar – 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.
Qəza nəticəsində Mahir Teyibov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər piyada isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.