Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində baş verən yanğın hələ də davam edir.
Abatv.az xəbər verir ki, APA-nın yaydığı məlumata görə, yanğın əsasən rayonun bir sıra kəndləri istiqamətində yerləşən, mina və partlamamış döyüş sursatları ilə çirklənmiş açıq əraziləri əhatə edib.
Bildirilib ki, gündüz saatlarında başlayan yanğın ətraf yaşayış məntəqələrindən də aydın şəkildə müşahidə olunur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və xüsusi texnikası cəlb edilib.
Hazırda alovun söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, iyulun 28-də Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazilərdə yanğınlar başlayıb. Ərazilərin minalanmış olması və küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirir.
Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.