Samux rayonunda 5 nəfər xəstəxanaya yerləşdirilib.
Abatv.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri olan 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyeva, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev, 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov və 1975-ci il təvəllüdlü Mehriban Orucova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Yoluxucu Xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar.
İlkin olaraq şəxslərin qidadan zəhərləndiyi ehtimal edilib. Lakin aparılan ilkin müayinələr zamanı onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyənləşdirilib.
Hadisənin qida zəhərlənməsi ilə bağlı olub-olmadığı və digər səbəblərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, hadisə nəzarətdə saxlanılır.
AQTA-nın məlumatına görə, hadisənin səbəblərinin, o cümlədən qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Agentliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə araşdırma aparırlar.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.