Samux rayonunun Yenikənd kəndində bir nəfərin suda batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Abatv.az xəbər verir ki, FHN-dən bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Hazırda 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə işləri davam etdirilir.
İlkin məlumatlara görə, hadisə Kür çayının Samux rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. Gəncə şəhərinin Məhsəti qəsəbə sakini olan yeniyetmə qızın çayda batdığı bildirilir.
FHN-in əməkdaşları tərəfindən ərazidə axtarış tədbirləri davam etdirilir.
Hadisənin digər təfərrüatları və axtarışların nəticələri barədə əlavə məlumat veriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.