Sentyabrın 3-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyə diqqətin bir an belə azaldılmamasının vacibliyini bir daha gündəmə gətirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev danışıb.
DYP rəsmisi bildirib ki, çoxzolaqlı yollar piyadalar üçün ciddi təhlükə yarada bilər. Onun sözlərinə görə, bir zolaqda hərəkət edən sürücü piyadanı görsə belə, digər zolaqdakı avtomobilin sürücüsü onu vaxtında fərq etməyə bilər.
Rövşən Tağıyev avtomobillərin arasından qəfil yola çıxmağın, yolun ortasında dayanmağın, geri qayıtmağın və yolu qaçaraq keçməyə çalışmağın qəza riskini əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb.
Şöbə rəisinin sözlərinə görə, intensiv hərəkətin olduğu yollarda nəqliyyat vasitəsinin məsafəsini gözlə düzgün hesablamaq həmişə mümkün olmur. Uzaqda görünən avtomobil çox qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər.
DYP rəsmisi xüsusilə piyadaları yol keçərkən tələsməməyə və bütün zolaqlardakı nəqliyyat vasitələrini nəzərə almağa çağırıb.
“Bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir”, – deyə R.Tağıyev bildirib.
O əlavə edib ki, yolu qısaltmağa deyil, mənzil başına təhlükəsiz şəkildə çatmağa üstünlük verilməlidir.