Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında FIFA U-15 World Cup and Festival turnirinin 2026-cı il 22-31 oktyabr tarixlərində Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.
Qeyd olunub ki, idman tarixində ilk dəfə təşkil ediləcək bu mötəbər yarışa Azərbaycanın ev sahibliyi etməsi ölkənin beynəlxalq idman nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və irimiqyaslı idman tədbirlərinin təşkili sahəsində əldə olunan təcrübənin zənginləşməsinə mühüm töhfə verəcək.
Sərəncama əsasən, çempionat və festivalın keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 2027-ci ildə Azərbaycanda keçiriləcək 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı ilə bağlı yaradılmış Təşkilat Komitəsinə həvalə edilib.
Həmçinin sənəddən irəli gələn məsələlərin icrası Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.