Beynəlxalq Futbol Federasiyası (FIFA) 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı tarixi qərarını açıqlayıb. Yeni qərara əsasən, dünya futbolunun ən mötəbər turniri tarixdə ilk dəfə altı ölkənin ev sahibliyi ilə təşkil olunacaq.
2030-cu il dünya çempionatının əsas ev sahibləri Mərakeş, İspaniya və Portuqaliya olacaq. Bununla yanaşı, dünya çempionatının 100 illik yubileyi münasibətilə açılış oyunlarının Uruqvay, Argentina və Paraqvayda keçirilməsi nəzərdə tutulub. Beləliklə, mundial üç qitəni və altı ölkəni əhatə edəcək.
Məlumata görə, turnir 2030-cu il iyunun 8-də start götürəcək və 44 gün davam edəcək. Dünya çempionatının final oyununun isə iyulun 21-də keçirilməsi planlaşdırılır.
FIFA-nın qəbul etdiyi digər mühüm yenilik turnirdə iştirak edəcək komandaların sayının artırılmasıdır. İlk dəfə olaraq dünya çempionatında 64 milli komanda mübarizə aparacaq ki, bu da turnirin tarixində ən genişmiqyaslı format olacaq.
Qərara əsasən, mundiala ev sahibliyi edən altı ölkənin milli komandaları seçmə mərhələdən azad olunaraq birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar.
FIFA-nın bu qərarı dünya futbolunda yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Turnirin daha çox ölkəni əhatə etməsi, azarkeşlərin sayının artmasına, futbolun qlobal miqyasda daha da inkişafına və dünya çempionatının tarixində ən möhtəşəm yarışlardan birinə çevrilməsinə şərait yaradacağı gözlənilir.