Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC-də növbəti uğuruna imza atıb.
Abatv.az xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində Slovakiya təmsilçisi Ludovit Kleinlə üz-üzə gəlib.
Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kartı çərçivəsində keçirilib. Tofiq Musayev inamlı çıxışı ilə rəqibini texniki nokautla məğlub edərək UFC-də ardıcıl ikinci qələbəsini qazanıb. Döyüş ikinci raundun 4-cü dəqiqə 7-ci saniyəsində hakim tərəfindən dayandırılıb.
Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də üçüncü döyüşü olub. Belqraddakı qələbədən sonra azərbaycanlı döyüşçü peşəkar MMA karyerasında 24-cü qələbəsini rəsmiləşdirərək uğurlu seriyasını davam etdirib.