Bakıda keçirilən U17 güləşi üzrə dünya çempionatında 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Fatimə Bayramova növbəti qələbəsini qazanıb.
Abatv.az xəbər verir ki, təmsilçimiz ikinci görüşündə Moldova idmançısı Ruslana Karapetyanla qarşılaşıb.
Görüş Fatimə Bayramovanın tam üstünlüyü ilə başa çatıb. Azərbaycanlı güləşçi rəqibinə 11:0 hesabı ilə qalib gəlib.
Bayramova çempionatda ilk görüşündə də eyni hesabla qələbə qazanıb. O, debüt qarşılaşmasında İsraili təmsil edən Sela Cudit Rozov üzərində 11:0 hesablı qələbə əldə edib.
Beləliklə, Fatimə Bayramova dünya çempionatında keçirdiyi ilk iki görüşdə rəqiblərinə xal vermədən mübarizəni başa vurub.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha dörd güləşçisi – Fidan Babayeva (61 kq), Simura Abdullayeva (69 kq), Nuray Cəfərli (48 kq) və Gülxanım Şirinova (40 kq) xalça üzərinə çıxacaq.
Dünən isə mübarizəyə qoşulan Qaratel Quliyeva (57 kq), Rəna Nuriyeva (65 kq), Vəfa Orucova (43 kq) və Nəzrin Əhmədli (49 kq) ilk görüşlərində məğlub olublar.