Yay mövsümünün başlaması ilə Türkiyə istiqamətində, xüsusilə Bakı–İstanbul marşrutu üzrə aviabiletlərin qiymətləri yenidən gündəmin əsas mövzularından birinə çevrilib.
Sərnişinlər üçün əsas sual isə eynidir: müxtəlif aviaşirkətlərin təklif etdiyi biletlər arasında qiymət fərqi həqiqətən nə qədərdir və daha ucuz görünən tarif sonda sərnişinə daha sərfəli başa gəlirmi?
Turizm eksperti Rəhman Quliyev Bakı–İstanbul marşrutu üzrə müxtəlif aviaşirkətlərin tariflərini müqayisə edib, qiymət fərqlərinin səbəblərini və bilet alarkən nəzərə alınmalı məqamları açıqlayıb.
Müqayisə məqalənin hazırlanması zamanı “Aviasales” və “Kayak” platformalarında mövcud olan tariflər əsasında aparılıb. Araşdırma zamanı yalnız biletin ilkin qiyməti deyil, tarifə daxil olan xidmətlər, əlavə ödənişlər və sərnişinin yekunda ödədiyi ümumi məbləğ də nəzərə alınıb.
Ekspertin sözlərinə görə, müqayisə zamanı “AJet” və AZAL-ın başlanğıc tarifləri arasında ciddi fərq müşahidə olunmur. “Pegasus” və “Turkish Airlines” tərəfindən təqdim edilən bəzi tariflər isə daha yüksək qiymətlərlə təklif olunur.
Lakin burada yalnız biletin ilkin qiymətinə baxmaq düzgün deyil. Belə ki, aşağıbüdcəli aviaşirkətlərin bir sıra tariflərində qeydiyyata verilən baqaj, qidalanma və oturacaq seçimi kimi xidmətlər əlavə ödəniş tələb edir. Tam xidmət göstərən aviaşirkətlərdə isə bu xidmətlərin bir hissəsi seçilmiş tarifə daxil olduğundan sərnişin yekunda əlavə xərc çəkmədən daha geniş xidmət paketindən yararlana bilər.
Rəhman Quliyev qeyd edib ki, aviasiyada bilet qiymətləri sabit qalmır. Tariflərə bazardakı rəqabət, konkret reysə olan tələbat, təyyarənin doluluq səviyyəsi və uçuşa qalan müddət kimi bir sıra amillər təsir göstərir.
Uçuş tarixi yaxınlaşdıqca və reyslərdə yerlər azaldıqca daha aşağı qiymətli tariflər tükənir, nəticədə daha bahalı bilet kateqoriyaları satışda qalır.
Bu səbəbdən xüsusilə yay mövsümündə səyahət etməyi planlaşdıran sərnişinlərə biletləri son günlərə saxlamamaq tövsiyə olunur. Erkən planlaşdırma həm daha münasib qiymətə bilet əldə etməyə, həm də uçuş vaxtı və tarif seçimi baxımından daha geniş imkanlardan yararlanmağa şərait yaradır.
Ekspertin sözlərinə görə, Bakı–İstanbul istiqamətində sərnişin tələbatının yüksək olması aviaşirkətlərin əməliyyat qərarlarına da təsir göstərir. Məhz bu səbəbdən son aylarda bu marşrut üzrə reyslərin sayında artım müşahidə olunur.
Beləliklə, aviabilet seçərkən yalnız “ən ucuz bilet” prinsipinə əsaslanmaq düzgün yanaşma deyil. Sərnişin biletin qiyməti ilə yanaşı, baqaj, qidalanma, oturacaq seçimi, dəyişiklik və digər xidmətlər üçün tələb olunan əlavə ödənişləri də nəzərə almalıdır.
Yekun qiymət və təqdim olunan xidmətlər birlikdə müqayisə edildikdə sərnişin öz büdcəsinə və ehtiyaclarına daha uyğun seçim edə bilər.