İyulun 31-də Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, eləcə də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçılarına və birinci xanımlara İssık-Kul vilayətinin Kara-Oy kəndində inşa edilən mehmanxana kompleksi barədə ətraflı məlumat verib.
Bildirilib ki, layihə 2023-cü ildə Bişkekdə imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında" saziş çərçivəsində həyata keçirilib.
17 hektardan artıq ərazini əhatə edən kompleks memarlıq, mədəniyyət, incəsənət, qastronomiya, sağlamlıq və istirahət elementlərini özündə birləşdirən müasir turizm məkanı kimi layihələndirilib. Mehmanxanada 111 otaq və 10 kottec olmaqla ümumilikdə 330 qonağın qəbul edilməsi mümkündür.
İlkin mərhələdə burada 255 nəfərin işlə təmin olunması nəzərdə tutulur ki, onların bir hissəsini Azərbaycan vətəndaşları təşkil edəcək.
Kompleksdə ilboyu fəaliyyət göstərəcək qapalı və açıq hovuzlar, akvapark, çimərlik, SPA və sağlamlıq mərkəzləri, boulinq, kino zalı, çoxfunksiyalı idman meydançaları və digər əyləncə zonaları yaradılıb.
Qastronomiya istiqamətinə də xüsusi önəm verilib. Mehmanxananın restoranlarında ənənəvi Azərbaycan səhər yeməkləri və milli mətbəximizin müxtəlif nümunələri qonaqlara təqdim olunacaq.
Bundan başqa, beynəlxalq konfransların, biznes görüşlərinin və müxtəlif sosial tədbirlərin təşkili üçün müasir infrastruktura malik konfrans zalları da istifadəyə verilib.
İssık-Kul gölünün sahilində, möhtəşəm Tyan-Şan dağlarının əhatəsində yerləşən "Baku Resort & Spa"nın fəaliyyətə başlamasının regionun turizm potensialının artırılmasına, həmçinin Azərbaycan ilə Qırğızıstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi bildirilir.




