Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Ukrayna arasında iqtisadi və enerji əməkdaşlığının iki ölkə münasibətlərində mühüm yer tutduğunu bildirib.
Nazir bu fikirləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın dövlət neft şirkəti SOCAR uzun illərdir Ukrayna bazarında uğurla fəaliyyət göstərir və şirkətin gələcək üçün geniş inkişaf planları mövcuddur.
Nazirin sözlərinə görə, tərəflər arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və yeni layihələrin həyata keçirilməsi istiqamətində məhsuldar və dinamik müzakirələr aparılıb.
Ceyhun Bayramov vurğulayıb ki, hazırda Azərbaycan dünyanın 16 ölkəsinə təbii qaz ixrac edir. Bu ölkələrdən 12-si Avropa dövlətidir və onların 10-u Avropa İttifaqının üzvüdür.
Nazir bildirib ki, gələcəkdə ehtiyac yaranacağı təqdirdə Azərbaycan dost Ukraynanı da təbii qazla təmin etməyə hazırdır.
"Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq. Eyni zamanda, Azərbaycan ilə Ukrayna arasında daha geniş coğrafiyanın enerji təhlükəsizliyi baxımından əməkdaşlıq imkanları mövcuddur", – deyə Ceyhun Bayramov bildirib.
Nazir əlavə edib ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində etibarlı tərəfdaş kimi beynəlxalq əməkdaşlığın genişləndirilməsinə bundan sonra da xüsusi önəm verəcək.