Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib.
Görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri, regionda davamlı sülhün təmin olunması, ATƏT məkanında mövcud münaqişələr, parlamentlərarası əməkdaşlıq və humanitar minatəmizləmə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Pere Joan Pons Sanpietro ATƏT məkanında mövcud münaqişələrdən birinin həllini tapmasını və regionda davamlı sülhün təmin edilməsi istiqamətində əldə olunan irəliləyişləri yüksək qiymətləndirib. O, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, uzun illər ərzində Azərbaycan ərazilərinin işğalı ilə bağlı münaqişənin həlli istiqamətində aparılan prosesin nəticəsiz qaldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev qeyd edib ki, təxminən 30 il ərzində münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda real nəticə əldə edilməyib. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin də icra olunmadığı vurğulanıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan özü hərbi-siyasi vasitələrlə münaqişəyə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin edib.
Görüşdə Azərbaycanın ATƏT Parlament Assambleyası ilə münasibətlərindən məmnunluq ifadə olunub. Bildirilib ki, bir sıra Avropa parlament təsisatlarından fərqli olaraq, ATƏT Parlament Assambleyası ilə siyasi dialoq və qarşılıqlı təmaslar konstruktiv xarakter daşıyır.
Tərəflər ATƏT Parlament Assambleyasının gündəliyində ATƏT məkanında bütün ölkələrə balanslı və obyektiv münasibətin nümayiş etdirilməsinin vacibliyini də vurğulayıblar.
Söhbət zamanı mədəniyyətlərarası dialoq məsələsinə də toxunulub. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər və prosesə verdiyi töhfələr müsbət qiymətləndirilib.
ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətini qeyd edib.
Bildirilib ki, mina problemi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından mühüm məsələdir. Bu istiqamətdə humanitar minatəmizləmə fəaliyyətinin ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunduğu diqqətə çatdırılıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.
Abatv.az




