Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar.
Nekroloqda Azərbaycanın mədəni ictimaiyyətinin ağır itki ilə üzləşdiyi bildirilib. Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Aleksandr Şarovski 9 sentyabr 2026-cı ildə 79 yaşında vəfat edib.
1948-ci il fevralın 10-da Bakıda anadan olan sənətkar 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili və ədəbiyyatı üzrə ali təhsil alıb.
Teatr fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan Aleksandr Şarovski 1976-cı ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor, rejissor assistenti və quruluşçu rejissor kimi çalışıb. 1993-cü ildən isə teatrın baş rejissoru vəzifəsini tutub.
O, Azərbaycan və dünya dramaturgiyasının nümunələri əsasında hazırladığı tamaşalarla teatr sənətinin inkişafına mühüm töhfələr verib. Şarovskinin quruluş verdiyi bir sıra tamaşalar xarici ölkələrdə də nümayiş etdirilərək Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edib.
Xalq artisti həmçinin ictimai fəaliyyəti ilə də seçilib. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü və Avropa yəhudilərinin Bakı dini icmasının rəhbəri olub.
Aleksandr Şarovskinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar artist” və “Xalq artisti” fəxri adları ilə yanaşı, “Şöhrət” və “Şərəf” ordenləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.
Nekroloqda tanınmış sənətkarın əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağı vurğulanıb.
Abatv.az