
Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə keçiriləcək "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı baş tutub.
AbaTV.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, cari ilin noyabr ayında keçiriləcək təlimdə üç dost və qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları da iştirak edəcəklər.
Bildirilib ki, təlimin əsas məqsədi iştirakçı dövlətlərin ərazisindən keçən strateji obyektlərin, enerji və nəqliyyat infrastrukturunun, eləcə də mühüm kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiəsinin təşkili üzrə birgə fəaliyyətin təkmilləşdirilməsidir.
Konfrans çərçivəsində təlimin mövzusu, qarşıya qoyulan məqsədlər, birgə qərargahın tərkibi, ərazidə icra ediləcək taktiki epizodlar, iştirakçıların vəzifələri və digər təşkilati məsələlər geniş şəkildə müzakirə olunub.
Qeyd edək ki, "Eternity" silsilə təlimləri Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, regional təhlükəsizliyin təmin olunması və strateji infrastrukturun qorunması baxımından mühüm əhəmiyyət daşıyır.