Azərbaycanın Türkiyədəki keçmiş təhsil müşaviri Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru təyin olunub.
Abatv.az xəbər verir ki, Nəcibə Nəsibova bu barədə məlumatı 525.az-a müsahibəsində təsdiqləyib.
Onun sözlərinə görə, təyinatla bağlı qərar universitetin Qəyyumlar Şurasının iclasında qəbul edilib. Daha sonra qərar elm və təhsil nazirinin imzaladığı müvafiq əmrlə rəsmiləşdirilib.
Nəcibə Nəsibova uzun illər Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyində fəaliyyət göstərib. O, 30 ildən artıq müddətdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin akademik və sosial məsələlərinin həllində iştirak edib, həmçinin Azərbaycan ilə Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verib.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əldə olunub. 2024-cü ilin fevralında isə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında müvafiq memorandum imzalanıb.
Prezident İlham Əliyevin 23 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, Türkiyə-Azərbaycan Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq və ödənişli əsaslarla tələbə qəbulu həyata keçirmək hüququ verilib.
Xatırladaq ki, 2024-cü ildən indiyədək universitetdə rektor səlahiyyətlərini Vilayət Vəliyev icra edirdi.
Türkiyə-Azərbaycan Universiteti iki ölkə arasında ali təhsil və elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb. Ali təhsil müəssisəsində ortaq təhsil proqramlarının hazırlanması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq akademik əməkdaşlığın inkişafı əsas fəaliyyət istiqamətləri sırasında yer alır.