Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb, daha sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu və həmin institutun Ali Ədəbiyyat Kurslarını bitirib.
O, müxtəlif illərdə "Azərbaycan gəncləri" qəzeti, "Azərbaycan" jurnalı və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində məsul vəzifələrdə çalışıb. 1976–1990-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olub, SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991–2001-ci illərdə isə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində fəaliyyət göstərib. Sonrakı illərdə Azərbaycan Ədəbiyyat Fondunun İdarə Heyətinin sədri və Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasının müdiri kimi çalışıb.
Nəriman Həsənzadə yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına mühüm töhfələr verib. Onun "Könlüm şeir istəyir", "Unudulmaz günlər", "Yadına düşəcəyəm", "Nəriman", "Zümrüd quşu", "Mənim gecəm-gündüzüm", "Bir az möhlət istəyirəm ömürdən", "Nuru paşa", "Gəlimli-gedimli dünya" və digər əsərləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub, mənzum dramları isə müxtəlif teatr səhnələrində uğurla nümayiş etdirilib.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Nəriman Həsənzadə "Əməkdar incəsənət xadimi" və "Xalq şairi" fəxri adlarına, "Şöhrət", "Şərəf", "İstiqlal" və "Heydər Əliyev" ordenlərinə, həmçinin Heydər Əliyev Mükafatına layiq görülüb. O, 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Abatv.az kollektivi Xalq şairi Nəriman Həsənzadənin vəfatından kədərləndiyini bildirir, ailəsinə, yaxınlarına və bütün ədəbi ictimaiyyətə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.