ABŞ ilə İran arasında davam edən qarşıdurmada İsrailin əvvəlki dövrlərdən fərqli olaraq hərbi əməliyyatlarda iştirak etməməsi beynəlxalq ekspertlərin diqqət mərkəzindədir.
Abatv.az xəbər verir ki, bu barədə "Azad İran"ın yayımladığı videomaterialda bildirilib.
Materialda qeyd olunur ki, bu ilin fevral ayında ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə əməliyyat zamanı Vaşinqton və Təl-Əviv arasında tam koordinasiyalı əməkdaşlıq mövcud idi. Lakin hazırkı vəziyyətdə İsrailin prosesdən kənarda qalması müxtəlif suallar doğurur.
Bildirilir ki, yayılan məlumatlar bunun İsrailin öz seçimi olmadığını göstərir. İsrail mediasının iddiasına görə, Təl-Əviv ABŞ-dən İrana qarşı hava əməliyyatlarında iştirak etmək üçün icazə istəyib. Lakin Donald Tramp administrasiyası bu müraciəti qəbul etməyib.
"Kan" telekanalının məlumatına əsasən, ABŞ prezidenti Donald Tramp İsrailə İran birbaşa İsraili hədəfə almadığı müddətdə Tehrana qarşı hərbi əməliyyatlara qoşulmamaq barədə göstəriş verib.
Bundan əlavə, "Axios" portalı Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında diplomatik səylərə imkan verilməsini istədiyini və hərbi cavab tədbirləri ilə bağlı tələsməməyə çağırdığını yazıb.
Məlumata görə, Tramp bununla bağlı bildirib: "Əgər mən xahiş etsəm, İsrail iki dəqiqəyə müharibəyə qoşular. Lakin bizim İrana qarşı yeni əməliyyat üçün heç kimə ehtiyacımız yoxdur."
Təhlildə vurğulanır ki, mövcud vəziyyət İsrailin müharibədə iştirak etmək istəməməsindən deyil, ABŞ tərəfindən tətbiq edilən siyasi və hərbi məhdudiyyətlərdən qaynaqlanır. Bildirilir ki, Vaşinqtonun əsas məqsədi qarşıdurmanın daha genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısını almaq və diplomatik danışıqlar üçün imkanları qoruyub saxlamaqdır.