Tailandın Banqkok şəhərinin şimalında yerləşən Nonthaburi əyalətində orta məktəblərdən birində baş verən atışma nəticəsində ölənlərin sayı 9-a çatıb.
Abatv.az xəbər verir ki, bu barədə Tailandın “Thairath” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, sonuncu qurban xəstəxanada ağır xəsarətlərdən həyatını itirən 12 yaşlı məktəbli olub.
Qeyd edək ki, hadisə ilə bağlı ötən gün yayılan məlumatda 7 nəfərin öldüyü bildirilmişdi. Hakimiyyət orqanlarının açıqlamasına əsasən, ölənlər arasında 3 müəllim, 3 şagird və hücumu törətdiyi ehtimal olunan məktəbli də olub.
Atışma nəticəsində daha 15 nəfərin yaralandığı bildirilir.
Polis hadisədən sonra sinif otaqlarından birində hücumu törətdiyi ehtimal olunan yeniyetməni ölü vəziyyətdə aşkar edib. İlkin məlumata görə, onun intihar etdiyi ehtimal olunur.
Hadisənin səbəbləri və hücumun motivləri ilə bağlı araşdırma davam etdirilir.